Xəbərlər

Elan

03-02-2022

Azərbaycan Respublikasının Mərkəzi Bankı istehlakçıların maliyyə savadlılığının artırılmasına və bu yolla onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif səpkili tədbirlər həyata keçirir. Bu təbirlərdə əsas hədəf qrupları məktəblilər, tələbələr, müəllimlər, ev təsərrüfatları, yaşlı əhali qrupu, kiçik və orta sahibkarlar, iş yerləri, iqtisadiyyat, bankçılıq və sığorta üzrə ixtisaslaşan jurnalistlərdir. Maarifləndirmə məqsədilə qeyd olunan hədəf qruplarına təlim və seminarlar, ictimai aksiyalar, yay məktəbləri, iş yerlərində tədbirlər keçirilir, müxtəlif nominasiyalarda müsabiqələr, təbliğat-təşviqat kampaniyaları təşkil edilir, eyni zamanda öyrədici oyunlar və müxtəlif intellektual resurslar yaradılır.

 

Belə resurslardan biri Mərkəzi Bankın Virtual təhsil platformasında təqdim edilmiş “Maliyyə savadlılığı: strategiya, tədris, təhlil” (https://edu.e-cbar.az/course/view.php?id=105) kursudur. Kurs maliyyə savadlılığının təşviqi və tədrisi üçün siyasətlər işləyəcək pedaqoji heyət, habelə təşkilat rəhbərləri və insan resursları menecerləri üçün nəzərdə tutulmuşdur. Kursun təbliği və təşviqi üçün hədəf qrupları arasında 03 fevral – 11 mart 2022-ci il tarixlərində müsabiqə elan edilir.

 

Müsabiqənin nəticələri Qlobal Pul həftəsində (https://globalmoneyweek.org/, 21-27 mart 2022-ci il) elan ediləcəkdir.

 

Virtual kurs müsabiqəsi iştirakçıları Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) “Maliyyə savadlılığı: Strategiya, tədris, təhlil” distant kursundan qeydiyyatdan keçməlidirlər. İştirakçılar qeyd olunan kursun videodərslərini dinlədikdən sonra ən geci 21 fevral 2022-ci il saat 18:00-dək Maliyyə savadlılığı şöbəsinin əməkdaşları ilə test gününü, saatını və formasını (onlayn və ya ənənəvi) razılaşdırmalıdırlar. Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz:

 

 https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M

 

 Testdə onlayn iştirak edən iştirakçılar onlara göndərilən linkə qoşularaq Mərkəzi Bankın əməkdaşının nəzarəti altında sualları cavablandıracaqlar.

 

Ənənəvi imtahan vermək istəyən iştirakçılar isə təyin edilmiş gündə və saatda Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanında yerləşən binasına yaxınlaşaraq onlar üçün ayrılmış kompüterdən istifadə etməklə kursun suallarını cavablandıra bilərlər.

 

Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 5983550 telefon nömrəsinə zəng vura, yaxud Maliyya_Savadliligi@cbar.az elektron poçtuna yaza bilərlər.