Xəbərlər

Azərbaycan Respublikasının yenilənmiş 50 manatlıq pul nişanı “Dünyanın ən yaxşı banknotu” nominasiyası üzrə müsabiqədə qalib seçilmişdir

23-02-2022

23 fevral 2022-ci il, Bakı:  Cari ilin 22 fevral tarixində “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilmişdir.

 

Konfransda Azərbaycan Mərkəzi Bankı ilə yanaşı, 150-dən çox ölkənin, o cümlədən Avropa Mərkəzi Bankının, İngiltərə, İsveçrə, İsveç, Norveç, Avstraliya, Meksika, İndoneziya, Qazaxıstan, Sinqapur, Filippin, Qətər və s. ölkələrin mərkəzi banklarının tədavülə buraxdığı yeni pul nişanlarının “Dünyanın ən Yaxşı Banknotu” nominasiyası üzrə müsabiqəsi təşkil olunmuşdur.

 

Müsabiqədə Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən Yaxşı Banknotu” tituluna layiq görülərək qalib seçilmişdir.

 

Xatırladırıq ki, yenilənmiş 50 manatlığın əsas mövzusu öz ərazi bütövlüyünü və suverenliyini tam təsdiq etmiş müstəqil Azərbaycana həsr olunmuş konsepsiya çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmişdir.

 

Bununla əlaqədar pul nişanının üzərində əsas dizayn elementləri kimi elm rəmzi olan təhsil ocağı, gələcəyin timsalı – gənclər, yüksəliş əlaməti – pillələr təsvir edilmişdir. Eyni zamanda, milli mədəniyyətimizin və incəsənətimizin ən qədim sənət nümunəsi kimi milli xalça naxışları və ornamentlər yüksək peşəkarlıqla əks olunmuşdur.

 

Yenilənmiş 50 manatlıq pul nişanı ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilmişdir ki, bu da onun təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına imkan verir.

 

Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.