Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının yanında Maliyyə Ofisi arasında Anlaşma Memorandumu imzalanmışdır

31-03-2022

31 mart 2022-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, habelə innovativ maliyyə texnologiyalarından istifadə edərək bank xidmətlərinin, sığorta sektorunun və kapital bazarlarının rəqəmsallaşdırılması üzrə geniş miqyaslı strateji layihələrin icrasını davam etdirməkdədir. Bu xüsusda dünyada baş verən rəqəmsallaşma trendləri davamlı olaraq izlənilir, beynəlxalq qurumlarla və digər ölkələrin tənzimləyici orqanları ilə əməkdaşlıq edilir.


Bu çərçivədə Mərkəzi Bank ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının yanında Maliyyə Ofisi (Türkiyə Maliyyə Ofisi) arasında sıx əməkdaşlıq əlaqələri yaradılmışdır. Bu əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərin müzakirə edilməsi məqsədilə 31 mart 2022-ci il tarixində Mərkəzi Bankın sədri Elman Rüstəmov ilə Türkiyə Maliyyə Ofisinin sədri Göksel Aşan arasında görüş keçirilmişdir. Görüşdə iki qardaş ölkənin maliyyə sektorları arasında mövcud olan intensiv əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.


Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik, əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını qeyd edən E. Rüstəmov eyni zamanda Azərbaycan və Türkiyə arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları, sığorta sektoru və kapital bazarları arasında uğurlu əməkdaşlıq məsələləri barədə ətraflı məlumat verdi.


G. Aşan isə öz növbəsində son illərdə Azərbaycan Hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkənin neft və qaz resurslarından asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm səylərin həyata keçirilməsini qeyd edərək Türkiyənin qardaş Azərbaycanla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdi.


Görüşdə hər iki tərəf vurğuladı ki, bu gün imzalanacaq Memorandum əməkdaşlığın daha dərinləşməsinə yeni əhəmiyyətli töhfə verəcəkdir. Görüşün sonunda Mərkəzi Bank və Türkiyə Maliyyə Ofisi arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Qeyd olundu ki, Memorandumun məqsədi maliyyə texnologiyaları ekosisteminin genişləndirilməsi, açıq bankçılıq yanaşmasının tətbiqi, sığorta sektorunun və kapital bazarlarının rəqəmsal transformasiyası, həmçinin maliyyə bazarlarında innovativ maliyyə texnologiyalarının tətbiqini dəstəkləyən qanunvericilik bazasının formalaşdırılması və kadr potensialının artırılması üzrə əməkdaşlıq çərçivəsinin yaradılmasıdır.


İmzalanmış Memorandum iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, maliyyə texnologiyaları ekosisteminin formalaşdırılması və bununla maliyyə sektorunda rəqabətli, innovativ və əlçatan rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində də əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəkdir.