Xəbərlər
Faiz dəhlizinin parametrləri haqqında
16-09-2022
16 sentyabr 2022-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
Pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmamışdır. Son aylar dünya ərzaq qiymətlərində və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərdə baş verən azalmanın zaman intervalı ilə təsirlərini də nəzərə almaqla ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozu qüvvədə qalır. 2023-cü ilə isə inflyasiya proqnozu azaldılmışdır.
Monetar amillər inflyasiyaya azaldıcı təsir etməkdə davam edir. Profisitli tədiyə balansı valyuta bazarında təklifin artmasına şərait yaradır. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlüdür. Ötən iclasdan bəri manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempinin yüksəlməsi inflyasiyanın məhdudlaşdırıcı amillərindən olmuşdur.
Sentyabrın əvvəlindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşaiyət olunur. Bu da monetar amillər[1]in inflyasiyaya azaldıcı təsirlərini gücləndirir və orta müddətli dövrdə davamlı qiymət sabitliyinin təmin edilməsinə zəmin yaradır. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi eyni zamanda aktiv banklararası bazarın formalaşmasına zəmin yaradır.
Xarici sektor. Ötən iclasdan bəri xarici sektor göstəriciləri əlverişli olaraq qalmışdır.
Tədiyə balansı məlumatlarına görə I yarımillikdə cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 27.6%-i səviyyəsində profisit olmuşdur. Əsas ixrac məhsullarının yüksək dünya qiymətləri, qeyri-neft ixrac potensialının reallaşması, eləcə də ölkəyə daxil olan pul baratlarının artması iri həcmli cari hesabın formalaşmasına şərait yaradır. Qeyri-neft ixracı 7 ayda ötən ilin müvafiq dövrünə nəzərən 24.2% artmışdır. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansının profisiti 7 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artmışdır.
Proqnozlara görə cari ilin yekunu ilə yanaşı, 2023-cü ildə də cari əməliyyatlar hesabı profisitli olacaqdır. Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaqdır.
Profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 8 ayında strateji valyuta ehtiyatları 5.1% və ya 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlmişdir.
Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında təklif tələbi üstələməkdə davam edir. Ümumilikdə cari ilin əvvəlindən bəri keçirilən hərracların 77%-də təklif tələbi üstələmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun satışları üzrə əhəmiyyətli qənaət vardır. Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir etmişdir. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla yanvar-avqust aylarında 606.7 mln. dollar, o cümlədən aprel-avqust aylarında 473.8 mln. dollar olmuşdur.
İqtisadi fəallıq. Məcmu tələbin bütün komponentləri iqtisadi aktivliyin yüksək qalmasına şərait yaradır.
2022-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 5.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artmışdır.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə avqustda əvvəlki aya nəzərən biznes inam indeksi ticarətdə yüksəlmiş, qeyri-neft sənayesi və xidmət sektorlarında isə demək olar ki, sabit qalmışdır.
2022-ci ilin 8 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.8%, qeyri-neft investisiyalarının həcmi 22.5% artmışdır.
8 ayda dövlət büdcəsi xərclərinin 16.2% artması həm istehlak, həm də investisiya tələbinə təsir göstərmişdir. İşğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa işlərinin aparılması iqtisadi artımı dəstəkləməkdə davam edir.
İnflyasiya prosesləri. Ötən iclasdan bəri illik faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmamışdır.
Mövsümi amillərin azaldıcı təsirlərinə baxmayaraq avqustda 0.9% səviyyəsində inflyasiya olmuşdur. Qeyri-ərzaq və xidmətlərin bahalaşması ilə yanaşı ərzaq mallarının da 1.2% bahalaşması aylıq inflyasiyanı şərtləndirmişdir.
İllik inflyasiya 2022-ci ilin avqustunda 14.2% təşkil etmiş, orta illik inflyasiya isə 13.2% olmuşdur. Baza inflyasiya illik 12.1%, orta illik 10.2% olmuşdur.
Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərmişdir. Avqustda illik inflyasiyaya 9.1 faiz bəndi ərzaq, 2.1 faiz bəndi qeyri-ərzaq, 3.1 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə vermişdir.
Aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Avqust ayında dünya ərzaq qiymətləri 1.9% azalsa da onun illik artımı 7.9% səviyyəsindədir və müəyyən zaman intervalı ilə daxili qiymətlərə ötürülür. Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da ümumilikdə yüksək olaraq qalır.
Xarici mənşəli xərc amilləri istehlakçı qiymətləri ilə yanaşı istehsalçı qiymətlərinə də təsir edir. İstehsalçı qiymətləri indeksi qeyri-neft sənaye məhsulları üzrə və kənd təsərrüfatı məhsulları üzrə avqustda müvafiq olaraq 0.1% və 1% artmışdır. Son 1 ildə isə bu göstəricilərin artımı müvafiq olaraq 16.5% və 19.3% təşkil etmişdir.
İnflyasiya gözləntiləri ötən iclasdan bəri əsasən sabit qalmışdır. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri avqustda əvvəlki ayla müqayisədə tikintidə azalmış, xidmət sektorunda demək olar ki, sabit qalmış, ticarətdə və qeyri-neft sənayesində isə cüzi yüksəlmişdır.
İlin sonuna illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Dünya ərzaq qiymətlərinin gözlənilən dəyişimi və 2022-ci il inflyasiyasının yüksək bazası nəzərə alınmaqla 2023-cü ilə illik inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilmişdir.
Monetar şərait. Ötən iclasdan bəri monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam etmişdir.
Manatın nominal effektiv məzənnəsinin 8 ayda 6.1% möhkəmlənməsi cari ildə inflyasiyaya məhdudlaşdırıcı təsir edən əsas amillərdən biri olmuşdur. İyul və avqust aylarında bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir etmişdir.
Pul siyasəti üzrə yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması həm cari dövrdə, həm də ortamüddətli dövrdə qiymət sabitliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılması gözlənildiyi kimi sterilizasiya əməliyyatlarının həcminin artması ilə müşaiyət olunur. Belə ki, bank sisteminin likvidlik mövqeyində struktur profisitinin mövcudluğu şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat yüksəkdir. Sentyabr ayının 15-dən başlayaraq banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması da likvidliyin idarə olunması vasitəsilə inflyasiya proseslərinə azaldıcı təsir göstərir.
Yeni çeşiddə sterilizasiya əməliyyatlarının işə düşməsi ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılmışdır.
Fiskal əməliyyatların monetar şəraitə təsiri və banklararası bazardakı vəziyyətdən asılı olaraq ilin qalan dövründə əlavə sterilizasiya məqsədilə müxtəlif müddətlər üzrə not və REPO hərraclarının keçirilməsinə baxıla bilər.
Monetar alətlərin yeni konfiqurasiyada tətbiqi, eləcə də alternativ əməliyyat platformasının təklif olunması banklararası kredit bazarına da müsbət təsir etməkdədir. Sentyabr ayının ötən dövründə “Blumberq” ticarət sistemində ümumilikdə 101 mln. manat məbləğində 12 əqd bağlanmışdır.
Ötən iclasdan bəri dövlət qiymətli kağızları üzrə gəlirlik səviyyəsində, eləcə də depozit və kredit faizləri üzrə nominal faiz dərəcələrində cüzi yüksəlmə qeydə alınmışdır.
2022-ci ilin avqust ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 0.8%, ilin əvvəlinə nəzərən 11.8%, ötən ilin eyni ayına nəzərən isə 22.6% artmışdır. Mərkəzi Bankın tətbiq etdiyi pul siyasətinin və makroprudensial siyasətin kredit aktivliyinə təsirlərinin tədricən güclənəcəyi gözlənilir.
Risklər balansı. İnflyasiya üzrə risklər balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik olmamışdır.
İnflyasiyanı artıra biləcək amillər əsasən xarici mənşəlidir. Xarici mənşəli risklərə əsasən geosiyasi gərginlik və COVİD-19-a yoluxma hallarının artması fonunda daşınma-logistika xərclərinin yenidən artması və dünya əmtəə qiymətlərinin tədricən azalması proqnozlarının qarşıdakı dövrdə özünü doğrultmaması, nəticədə tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bu risklər hökumətin və Mərkəzi Bankın koordinasiya olunmuş antiinflyasiya tədbirləri, o cümlədən adekvat monetar şəraitin təmin edilməsi ilə idarə ediləcəkdir. Mərkəzi Bank tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi monetar şəraiti daha effektiv tənzimləməyə imkan verir. 2023-cü il və orta müddətli dövrdə məcmu tələbin izafi artımına yol verilməməsi də dayanıqlı makroiqtisadi sabitliyi, o cümlədən qiymət sabitliyini dəstəkləyəcəkdir.
Pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcəkdir.
Bu qərar 16 sentyabr 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il oktyabr ayının 28-də veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
[1] İnflyasiyanın monetar amilləri dedikdə Mərkəzi Bankın təsir dairəsində olan amillər (pul təklifi, məzənnə və s) nəzərdə tutulur.
Dİgər xəbərlər