Xəbərlər
Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 103 illiyi və ölkəmizlə Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümü münasibətilə media nümayəndələri üçün təlim keçirilmişdir
03-10-2022
3 oktyabr 2022-ci il, Bakı: Milli inkişaf prioritetləri, xüsusən Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn əsas çağırışların və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bank tərəfindən bu məqsədlə media nümayəndələri üçün ənənəvi olaraq mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər, həmçinin “Açıq qapı” tədbirləri təşkil olunur.
Bu prosesin davamı olaraq Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 103 illiyi, eyni zamanda Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümü ərəfəsində Azərbaycan Respublikası Mərkəzi Bankının və Dünya Bankının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 3 oktyabr 2022-ci il tarixində mətbuat nümayəndələri üçün "Tədiyə balansı" və “Dünya Bankının ümumi prinsipləri, strukturu, qlobal miqyasda və Azərbaycanda fəaliyyəti” mövzularında təlim keçirilmişdir.
Təlim iştirakçılarına tədiyə balansının mahiyyəti, strukturu, metodoloji əsasları, makroiqtisadi göstəricilər sisteminin mühüm tərkib hissəsi kimi əhəmiyyəti, pul və məzənnə siyasəti aspektləri barədə ətraflı məlumat verilmiş, həmçinin cari ilin 6 ayı üzrə ölkənin tədiyə balansının təhlili təqdim olunmuşdur.
Sonra “Dünya Bankı: yoxsulluqdan azad dünya naminə işləyirik” mövzusunda təqdimat keçirilmiş, sözügedən beynəlxalq maliyyə institutunun siyasəti və fəaliyyət istiqamətləri barədə təlim iştirakçıları geniş məlumatlandırılmışdır.
Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
Dİgər xəbərlər