Xəbərlər

Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün birgə təlim keçirilmişdir

25-10-2022

25 oktyabr 2022-ci il, Bakı: Ölkəmizin milli inkişaf prioritetləri, o cümlədən sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn əsas çağırışların və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi,jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.

 

Dövlətin maliyyə siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, fəaliyyət istiqamətlərinə dair mesajların ictimaiyyətə düzgün ötürülməsi baxımından media institutları ilə sıx əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə təşkilatçılığı ilə 25 oktyabr 2022-ci il tarixində mətbuat nümayəndələri üçün "İcmal büdcənin formalaşmasında ARDNF-nin rolu”, ”Qlobal iqtisadi trendlər və ARDNF-nin investisiya fəaliyyəti" və “Uçot dərəcəsi qərarının iqtisadiyyata təsirləri” mövzularında təlim keçirilmişdir.

 

Təlim iştirakçılarına ölkədə icmal büdcənin formalaşmasında ARDNF-nin rolu, mövcud qlobal iqtisadi münasibətlər şəraitində ARDNF-nin investisiya fəaliyyətinin xüsusiyyətləri, həmçinin Mərkəzi Bankın pul siyasətinin mahiyyəti və alətləri, uçot dərəcəsinin əsas pul siyasəti aləti kimi rolu və əhəmiyyəti, uçot dərəcəsilə bağlı siyasət qərarlarının maliyyə, o cümlədən pul bazarına təsiri, pul siyasətinin transmissiya mexanizmi barədə ətraflı məlumat verilmiş, mövzularla bağlı təhlili materiallar təqdim olunmuşdur.

 

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.