Xəbərlər

Məcburi ehtiyat normaları haqqında

09-01-2023

9 yanvar 2023-cü il, Bakı: Mərkəzi Bank tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması üçün məcburi ehtiyat normalarına və onun diferensiallaşdırılmasına yenidən baxmaq zərurəti yaranmışdır. Məlumat üçün qeyd edək ki, pul bazası 2022-ci ildə 12.1% artmışdır.

Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19.12.2022-ci il tarixli 57/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

Eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli 60 nömrəli qərarı ilə məcburi ehtiyat normaları aşağıdakı kimi müəyyənləşdirilmişdir:

• milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5%;

• xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6%;

• milli valyutada hüquqi şəxslərin depozitləri üzrə:

- milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatadək olan hissəsi üzrə 5%;

- milli valyutada hüquqi şəxslərin depozitlərinin bir milyard manatı üstələyən hissəsi üzrə 10%;

• xarici valyutada hüquqi şəxslərin depozitləri üzrə:

- xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manat ekvivalentinədək olan hissəsi üzrə 6%;

- xarici valyutada hüquqi şəxslərin depozitlərinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən hissəsi üzrə 12%;

• qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 5%.

Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılmışdır.

Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektoru üzrə manatla və xarici valyutada öhdəliklərin maya dəyərinə orta hesabla müvafiq olaraq cəmisi 0.16% və 0.01% artırıcı təsir göstərir.

Qərara alınmışdır ki, 2023-cü ilin yanvar ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (yəni 2023-cü ilin 15 fevral tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar.

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılmışdır.