Xəbərlər
Mərkəzi Bank tərəfindən bank zəmanətlərinin reyestri yaradılmış və dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilmişdir
18-01-2023
18 yanvar 2023-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə bazarlarında xidmətlərin əlçatanlığının genişləndirilməsi, həmçinin dövlət informasiya sistemlərinə inteqrasiya edilməklə fəaliyyətin effektivliyinin və səmərəliliyinin artırılması istiqamətində tədbirləri daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2022-ci il tarixli, 38 nömrəli Qərarı ilə “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri” təsdiq edilmişdir. Bu xüsusda Mərkəzi Bank tərəfindən bank zəmanətlərinin mərkəzləşdirilmiş reyestri (Reyestr) yaradılmış və kommersiya bankları tərəfindən dövlət satınalmaları üzrə verilən bank zəmanətlərinin Reyestrə real vaxt rejimində ötürülməsi təmin edilmişdir.
Eyni zamanda, müvafiq Qərarın icrası məqsədilə Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əməkdaşlığı çərçivəsində, Reyestr Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Dövlət satınalmalarının vahid internet portalına (https://etender.gov.az) inteqrasiya edilmiş və tenderlərdə iştirak edən sahibkarların istifadəsinə verilmişdir. Bununla da, Dövlət satınalmalarının vahid internet portalında keçirilən elektron satınalmada iddiaçı qismində çıxış edən fiziki və hüquqi şəxslər müvafiq bank zəmanətlərini portal vasitəsilə Reyestrdən real vaxt rejimində əldə edə və birbaşa satınalan təşkilata təqdim edə bilər.
Mərkəzi Bank maliyyə-bank xidmətlərini rəqəmsallaşdıraraq ölkədə biznes subyetklərinin maliyyə alətlərinə çıxış imkanlarının asanlaşdırılması və elektron maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyəti davam etdirir.
Dİgər xəbərlər