Xəbərlər
Mərkəzi Bank Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini təsdiq etmişdir
22-02-2023
22 fevral 2023-cü il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin 15 fevral 2023-cü il tarixli qərarı ilə maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası məqsədilə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiq edilmişdir.
Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ESİ (ekoloji, sosial və idarəetmə) amillərindən yaranan riskərə qarşı dayanıqlığının təmin edilməsi, habelə dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətlərin reallallaşdırılmasıdır. Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanmış və iqlim dəyişmələri və ESİ meyarlarının maliyyə sektorunun tənzimlənməsi və nəzarəti çərçivəsinə, o cümlədən maliyyə institutlarının (bank, sığorta və kapital bazarı iştirakçıları) strateji qərarvermə və risklərin idarəedilməsi proseslərinə inteqrasiyası, bu sahədə müvafiq bazar standartlarının və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılması üzrə tədbirləri əhatə edir.
Ümumilikdə, Yol xəritəsinin reallaşdırılması ölkədə sağlam, dayanıqlı və effektiv maliyyə sektorunun formalaşdırılmasına xidmət edəcəkdir.
Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi sənədi ilə aşağıdakı linkdə tanış olmaq olar:
Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi
Dİgər xəbərlər