Xəbərlər
“Qlobal Pul Həftəsi” çərçivəsində Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin şagirdləri maliyyə savadlılığı tədbirlərinə cəlb olunmuşdur
04-04-2023
4 aprel 2023-cü il, Bakı: Hər il təşkil olunan “Qlobal Pul Həftəsi”nin 2023-cü il üzrə nəzərdə tutulan tədbirləri (GMW2023) çərçivəsində Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin 54 şagirdi maliyyə savadlılığı tədbirlərinə cəlb olunmuş və məktəblilərin Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platformasında yerləşdirilmiş “Uşaqlar və Pullar” kursunda (https://edu.e-cbar.az/course/preview.php?id=125) iştirakı təmin edilmişdir.
Şagirdlər virtual kurs vasitəsilə pulun yaranma tarixi, Azərbaycan Respublikasının milli pul nişanları haqqında ətraflı məlumat əldə etmiş, habelə pulların idarə edilməsi, effektiv xərclənməsi, qorunması, sığorta, rəqəmsal ödənişlər və maliyyə savadlılığının digər komponentlərinə dair bir çox suallara cavab tapmışlar.
28 mart 2023-cü il tarixində şagirdlərin qeyd edilən kurs üzrə əldə etdikləri biliklərin qiymətləndirilməsi və onlara maliyyə savadlılığına dair əlavə resursların təqdim edilməsi məqsədilə Ağalı kənd tam orta məktəbinin pedaqoji heyəti və şagirdləri ilə əyani görüş keçirilmiş, şagirdlərin sözügedən kursla bağlı sualları cavablandırılmış və onlara Mərkəzi Bankın digər intellektual resursları barədə ətraflı məlumat verilmişdir.
Mərkəzi Bank tərəfindən regionlarda maliyyə savadlılığının artırılması məqsədilə bütün əhali qruplarının, o cümlədən ali, orta və peşə ixtisası üzrə təhsil alan tələbələrin və orta məktəb şagirdlərinin seminar və kurslara cəlb edilməsi istiqamətində fəaliyyət davam edir.
Dİgər xəbərlər