Xəbərlər
Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanları Milli Azərbaycan Tarix Muzeyində sərgilənəcəkdir
25-06-2023
25 iyun 2023-cü il, Bakı: Mərkəzi Bank tərəfindən tədavülə buraxılan kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə olaraq Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənməsi məqsədilə Muzeyə təqdim edilmişdir.
Muzeyə təqdim edilmiş kolleksiyada Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları da Muzeydə sərgilənəcəkdir.
Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Müzəffər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış 500 manat nominallı banknot və “Zəfər” xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaqdır.
Təqdim edilən pul nişanları arasında ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur.
Yeni qurulan ekspozisiyanın tezliklə ziyarətçilərin ixtiyarına veriləcəyi Muzey tərəfindən bildirilmişdir.
Dİgər xəbərlər