Xəbərlər

Şəki şəhərində “Daşınar əmlak əsaslı maliyyələşmə günü” keçirilmişdir

22-12-2023

22 dekabr 2023-cü il, Bakı: Maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, xüsusilə də regionlarda maliyyə əlçatanlığının artırılması məqsədilə daşınar əmlak əsaslı maliyyələşmə istiqamətində Mərkəzi Bank tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir.

 

Daşınar əmlak əsaslı maliyyələşmə imkanlarının artırılması, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının yüksəldilməsi, həmçinin sahibkarların bu istiqamətdə üzləşdikləri çətinliklərin birgə müzakirə edilməsi məqsədilə Mərkəzi Bankın təşəbbüsü və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Daşınar əmlak əsaslı maliyyələşmə günü”adlı tədbir keçirilmişdir.

 

Tədbir çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Sığorta Fondu və Azərbaycan Banklar Assosiasiyası tərəfindən daşınar əmlaka əsaslanan kreditləşmə üzrə beynəlxalq trendlər, ölkəmizdə heyvandarlığın, bitkiçiliyin, akvakulturanın sığortalanması mexanizmləri, KOS-ların qarşısında duran çətinliklər və imkanlara həsr olunmuş mövzularda 60-dan çox sahibkar və kredit təşkilatlarının nümayəndələrinə müvafiq təqdimatlar edilmişdir.

 

Tədbirin davamı olaraq kredit yarmarkası keçirilmiş və yarmarkada regionda fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarının filialları tərəfindən daşınar əmlak əsaslı maliyyələşmə məhsulları KOS subyektərinə təqdim edilmiş, kredit müraciətləri yerində qeydiyyata alınmış və aidiyyəti üzrə suallar cavablandırılmışdır.

 

Bildiririk ki, Mərkəzi Bank daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının artırılması, bu istiqamətdə hüquqi və texnoloji əsasların davamlı aktuallaşdırılması və bununla da KOS subyektərinin maliyyə vəsaitlərinə əlçatanlığının yaxşılaşdırılması istiqamətində aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq etməkdədir. Belə ki, cari il ərzində daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı 2 dəfə artımış və yüklülük müqavilələrinin sayı 200 mini keçmişdir.