Xəbərlər

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin maliyyə ekosistemində və beynəlxalq reytinqlərdə önəmi mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

12-02-2024

12 fevral 2024-cü il, Bakı: Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və maliyyə inklüzivliyinin yüksəldilməsi istiqamətində tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

 

Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru üzrə qiymətləndirilməsində iştirak edən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr)  üzrə məlumatlılığın artırılması istiqamətində kommersiya banklarının nümayəndələrinə maarifləndirmə tədbiri keçirilmişdir.

 

Tədbirdə, daşınar aktiv əsaslı maliyyələşmə eksosisteminin ölkəmizdə stimullaşdırılması, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması istiqamətində yaradılmış Reyestrin (https://mpcr.e-cbar.az) fəaliyyəti və üstünlükləri, hüquqi zəminin daşınar aktiv əsaslı maliyyələşmə üzrə yaratdığı imkanlar, mövcud və gələcək daşınar əmlakların yüklü edilə bilməsi barədə ölkə ərazisində fəaliyyət göstərən bankların nümayəndələrinə təqdimatlar edilmiş və mahiyyəti üzrə müzakirələr aparılmışdır.

 

Bildiririk ki, Mərkəzi Bank daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının stimullaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirir və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, 2023-cü il ərzində daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı 2 dəfə artmış və yüklülük müqavilələrinin sayı 200 mini keçmişdir. Ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebellər, heyvanlar və avadanlıqlar olmuşdur.

 

Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.