Xəbərlər

Mərkəzi Banka daxil olan müraciətlərin icra statusunun izlənilməsi imkanı yaradılıb

12-07-2024

12 iyul 2024-cü il, Bakı: Maliyyə xidmətləri istehlakçılarının və investorların Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir. Görülən işlərin nəticəsi olaraq vətəndaşlara birbaşa və ya digər qurumlardan kağız daşıyıcı vasitəsilə Mərkəzi Banka ünvanladıqları müraciətlərin icra statusunu izləmək imkanı təqdim olunub. Belə ki, müraciət edən şəxs contact.e-cbar.az internet səhifəsində yaradılmış digər müraciətlərim xanası üzərindən şəxsiyyət vəsiqəsinin FİN nömrəsini daxil edə, bununla da müraciətinin icra statusunu izləyə biləcək. İcra statusunu izləmək üçün öncədən müraciətlərə FİN nömrəsini qeyd etmək zəruridir.

Xatırladaq ki, contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etdikdə icra barədə bildirişlər qeyd edilən mobil nömrəyə, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş müraciətin yekun nəticəsi barədə məlumat isə elektron poçta avtomatik qaydada göndərilir. Həmçinin işçi kabinetdə müraciətin icra vəziyyətinin izlənilməsi də mümkündür.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçıları və investorlar Mərkəzi Banka müraciətlərini aşağıdakı vasitələrlə ünvanlaya bilərlər:

  • 966 qaynar xətti ilə əlaqə saxlamaqla
  • Poçt ünvanına məktub göndərməklə
  • e-cbar.az internet səhifəsi vasitəsilə onlayn qaydada müraciət etməklə
  • Mərkəzi Bankın inzibati bina və regional mərkəzlərinə yaxınlaşaraq qəbulda ərizə yazmaqla
  • Kağız daşıyıcıda birbaşa müraciət təqdim etməklə

Bununla belə, Azərbaycan Respublikasının Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması üçün kağız daşıyıcıdan istifadənin azaldılması məqsədi ilə maliyyə xidmətləri istehlakçılarının və investorların Mərkəzi Banka contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etməsini tövsiyə edirik.

Əlavə sual yarandığı halda Mərkəzi Bankın 966 qaynar xətti vasitəsilə əlaqə saxlaya bilərsiniz.