Xəbərlər

Mərkəzi Bankın dəstəyi ilə “Yaşıl maliyyə və dayanıqlılıq forumu” təşkil olunub

18-10-2024

18 oktyabr, 2024-cü il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin və digər tərəfdaşların dəstəyi ilə Bakıda “Yaşıl maliyyə və dayanıqlılıq forumu” keçirilib. “29 iqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində keçirilən bu forumda hökumət, maliyyə institutları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər bir araya gələrək iqlim dəyişikliyi ilə mübarizə vasitəsi kimi yaşıl maliyyənin təşviqi mövzusunu müzakirə ediblər.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov dayanıqlı iqtisadiyyatın formalaşmasında yaşıl maliyyənin mühüm rolundan danışıb. Taleh Kazımovun fikrincə dayanıqlılıq təşəbbüslərinin maliyyə sisteminə inteqrasiyası hədəflərə doğru irəliləməkdə əsas vasitədir. O, bu istiqamətdə həyata keçirilən əhəmiyyətli təşəbbüslərin iqtisadi inkişafın dayanıqlılığını artırmaq və yaşıl investisiyaları təşviq etmək məqsədini daşıdığını vurğulayıb.

 

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında dayanıqlı iqtisadiyyata keçiddə maliyyə sektorunun rolunun vacibliyini diqqətə çatdırıb.

 

“Dayanıqlı inkişaf üçün siyasət və tənzimləyici çərçivələr” panelində iştirak edən Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə Bankın dayanıqlılıq təşəbbüsləri üzrə prioritetlərindən bəhs edib. O, vahid taksonomiya prinsiplərinin vacibliyindən və bu istiqamətdə həyata keçirilən mühüm işlərdən danışıb.

 

Daha sonra forumda ölkəmizdə fəaliyyət göstərən maliyyə assosiasiyalarının rəhbərləri çıxış edərək yaşıl maliyyənin təşviqi üzrə öz baxış və strategiyalarını diqqətə çatdırıblar.

 

Qeyd edək ki, “Yaşıl maliyyə və dayanıqlılıq forumu” praktiki həll yollarına diqqət yetirməklə davamlı dialoq və əməkdaşlığın zəruriliyini vurğulamış olub.