Xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün təlim keçirilib
17-12-2024
17 dekabr 2024-cü il, Bakı: Mərkəzi Bank tərəfindən media nümayəndələrinin fintex sahəsində məlumatlılığının və peşəkar bacarıqlarının artırılması məqsədilə praktiki təlim keçirilib.
Təqdimat formasında təşkil olunan təlimdə Mərkəzi Bankın və Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri tərəfindən açıq bankçılıq və açıq maliyyə konsepsiyası, rəqəmsal bankçılıq və rəqəmsal həllər, eləcə də maliyyə sektorunda innovativ məhsulların təşviqində xüsusi tənzimləmə rejiminin əhəmiyyəti kimi mövzularla bağlı məlumatlar diqqətə çatdırılıb.
Həmçinin görüş iştirakçıları ilə ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi, rəqəmsal ödənişlərdə fırıldaqçılıq halları və təhlükəsizlik tədbirləri, maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası barədə müzakirələr də aparılıb.
İnteraktiv formatda keçirilən təqdimatlar zamanı media nümayəndələrinin sualları da cavablandırılıb, eyni zamanda fintex ekosisteminin inkişafına yönəldilmiş təşəbbüslər barədə məlumat verilib.
Təlimin sonunda jurnalistlərə sertifikatlar təqdim olunub.