Xəbərlər

Mərkəzi Bank Bakıda keçiriləcək Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalının tərəfdaşı olacaq

13-02-2025

13 fevral 2025-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi ilə Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (“ICPC”) 49-cu dünya finalı Bakıda keçiriləcək.

 

Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə 31 avqust - 5 sentyabr tarixlərində  “ICPC Azərbaycan” icması ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində  baş tutacaq.

 

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edəcək. Ümumilikdə, “ICPC”nin rəsmi mərhələləri hər il 110-dan çox ölkədən, 3500-yə yaxın universiteti təmsil edən 70000-dən artıq ən güclü tələbə-proqramçını bir araya gətirir. Dünya finalında isə 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandaların (hər komandada 3 tələbə) iştirakı nəzərdə tutulur.

 

Ölkəmizin müxtəlif universitetlərini təmsil edən komandalar 2005-ci ildən etibarən “ICPC”nin regional turlarında iştirak edərək müsabiqənin ölkədə təbliği, proqramlaşdırma sahəsinin inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində genişmiqyaslı işlər görüblər.

 

Qeyd edək ki, “ICPC” 1970-ci ildə ABŞ-də yaradılıb. 1977-ci ildən etibarən beynəlxalq səviyyədə keçirilən yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.

 

Mərkəzi Bank maliyyə sabitliyinin təminatçısı olmaqla yanaşı, həm də ölkənin maliyyə sektorunun modernləşdirilməsinə, innovasiyaların və rəqəmsallaşmanın təşviqinə mühüm diqqət yetirir. Mərkəzi Bank bu tərəfdaşlıq vasitəsilə ölkənin rəqəmsallaşma və innovasiya sahəsində qlobal nüfuzunun artırılmasına töhfə verməyi hədəfləyir.

 

Dİgər xəbərlər

05-06-2025

03-06-2025