Xəbərlər

Mərkəzi Bankın dəstəyi ilə “Azərbaycan Maliyyə Forumu” keçirilib

14-02-2025

14 fevral 2025-ci il, Bakı: Mərkəzi Bankın dəstəyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycan Maliyyə Forumu” keçirilib.

 

Mərkəzi Bankın sədrinin müavini Toğrul Əliyev forumda açılış nitqi ilə çıxış edib. O, Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində həyata keçirilən strateji təşəbbüslərin sektorda innovativ ekosistemin formalaşdırılmasındakı əhəmiyyətli rolunu diqqətə çatdırıb.

 

Tədbirin spikerlərindən olan Mərkəzi Bankın baş direktoru Fuad İsayev Mərkəzi Bankın maliyyə sektorunun uzunmüddətli dayanıqlılığını gücləndirməkdə qərarlı olduğunu bildirib.

 

Mərkəzi Bankın departament direktoru Xəyyam İsmayılov çıxışında əhali və kiçik sahibkarlıq subyektlərinə əlçatan maliyyə resurslarına çıxışın təmin edilməsində mühüm rol oynayan bank olmayan kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.

 

Qeyd edək ki, “Azərbaycan Maliyyə Forumu” dövlət-özəl sektorun nümayəndələrini bir araya gətirməklə ölkədə maliyyə sahəsində əldə olunan nailiyyətlərin və qarşıda duran çağırışların müzakirə olunduğu effektiv bir platforma rolunu oynayıb. Forumun keçirilməsində əsas məqsəd iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanlarının, eləcə də maliyyə sektorundakı qanunvericilik və tənzimləmələrin təkmilləşdirilməsidir.