Xəbərlər

Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Gürcüstanda keçirilən konfransda çıxış edib

02-06-2025

2 iyun 2025-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasında (GR) işgüzar səfərdə olub.

 

Səfər çərçivəsində AMB-nin nümayəndə heyəti GR-nin milli valyutasının yaranmasının 30-cu ildönümü münasibətilə Gürcüstan Milli Bankı (GMB) tərəfindən təşkil olunan beynəlxalq konfransda iştirak edib.

 

Konfrans GMB-nin sədri Natiya Turnava, GR-nin prezidenti Mixeil Kavelaşvili, GR-nin Baş naziri İrakli Kobaxidze və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin açılış nitqi ilə başlayıb.

 

AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov tədbir çərçivəsində “Dəyişən mənzərədə qlobal maliyyə sistemi: pul siyasətinə təsirlər” mövzusunda GMB-nin sədri Natiya Turnavanın moderatorluğu ilə keçən panelin spikerlərindən olub. O, mərkəzi banklar tərəfindən siyasət çərçivələrinin mürəkkəb dövrün tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətindən danışarkən strateji çeviklik və institusional dayanıqlılığın uzunmüddətli inkişafa verdiyi əhəmiyyətli töhfəni qeyd edib. Əliyar Məmmədyarov regional koordinasiyanın, bu çərçivədə paylaşılan təcrübənin və analitik imkanların dayanıqlı inkişafa təkan verdiyini bildirib. O, çıxışında maliyyə sabitliyinin və bütövlükdə maliyyə sektorunun inkişafının təmin olunmasında AMB tərəfindən həyata keçirilən mühüm təşəbbüsləri diqqətə çatdırıb.

 

Qeyd edək ki, konfransda GR-nin dövlət rəsmiləri, parlament üzvləri, xarici mərkəzi bankların, akademik dairələrin və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə yanaşı, 30-dan çox ölkəni təmsil edən 300-dən artıq nümayəndə iştirak edib.