Xəbərlər
Bakıda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalının açılış mərasimi keçirilib
01-09-2025
1 sentyabr 2025-ci il, Bakı: Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı və “PAŞA Holding”in dəstəyi ilə Bakıda ilk dəfə olaraq keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının açılış mərasimi baş tutub.
Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə ICPC Fondunun prezidenti Vilyam B.Pouçer və ICPC 49-cu dünya finalının direktoru Fuad Hacıyev qonaqları salamlayaraq müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov dünya finalının Bakıda keçirilməsinin ölkəmizin texnoloji tərəqqisinin bariz göstəricisi və beynəlxalq əməkdaşlığa açıqlığının təzahürü adlandırıb. O, bu mühüm tədbirin ölkəmizi regionun texnologiya mərkəzi kimi tanıdacağına dair əminliyini vurğulayıb. Taleh Kazımov bildirib ki, gənclər ICPC kimi qlobal əhəmiyyətli tədbirdə qazandıqları bilik və təcrübələri ölkənin texnoloji gələcəyinin formalaşdırılmasına yönəldəcək, maliyyə sektorunun mürəkkəb çağırışlarının həllinə töhfə verəcəklər.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev və Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışları zamanı ICPC 49-cu dünya finalının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən və yaradacağı imkanlardan danışıb.
Daha sonra tədbir ICPC tərəfindən tərəfdaşlara və ICPC icmasının üzvlərinə mükafatların təqdim olunması ilə davam edib.
Tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Mərkəzi Bank və sədri Taleh Kazımov ICPC Fondu tərəfindən “Beynəlxalq töhfə” mükafatı ilə təltif olunub. Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilova ICPC ilə sıx əməkdaşlığa görə mükafat təqdim olunub.
Qeyd edək ki, Azərbaycan 2004-cü ildən etibarən ICPC-nin regional turlarında iştirak edir. Bu günə qədər ölkəmiz finalda iştirak hüququ qazanmış yalnız bir komanda ilə təmsil olunurdu. Bu il isə ilk dəfə olaraq Azərbaycanı dünya finalında ADA Universiteti və Bakı Ali Neft Məktəbinin iki komandası təmsil edir.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edir. Ümumilikdə, ICPC-nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən, 3500-ə yaxın universiteti təmsil edən 50,000-dən çox tələbə-proqramçı mübarizə aparır. 49-cu dünya finalında isə 70 ölkədən 140 ali təhsil müəssisəsini təmsil edən komandalar (hər komandada 3 tələbə olmaqla) iştirak edir.
Qeyd edək ki, “OpenAI”, “Google”, “Huawei” kimi aparıcı texnoloji şirkətlərin də nümayəndələri dünya finalında iştirakla əlaqədar Bakıda bir araya toplaşıb.
ICPC proqramlaşdırma sahəsinin inkişafı, gənclərin bu sahəyə marağının artırılması və qlobal miqyasda tanınması istiqamətində mühüm əhəmiyyət daşıyır.