Xəbərlər
Mərkəzi Bankın təşkilatçılığı ilə Naxçıvan Regional Bank Forumu keçirilib
07-11-2025
7 noyabr 2025-ci il, Bakı: Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və “Zəfərin 5 illik yubileyi”nə həsr olunmuş “Naxçıvan Regional Bank Forumu” keçirilib.
Tədbirin əvvəlində forum iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək onun əziz xatirəsinə ehtiramlarını bildirib və sonra Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev forumda çıxış edərək Mərkəzi Bank tərəfindən həyata keçirilən makroiqtisadi və maliyyə sabitliyi üzrə tənzimləyici tədbirlərin nəticələri, ölkə üzrə kredit portfelinin artımı və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, maliyyə institutlarının regional iqtisadi fəallığın artırılmasında rolunu, eləcə də muxtar respublikanın sosial-iqtisadi inkişafında maliyyə sektoru tərəfindən həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıb. Sədr müavini Naxçıvan Muxtar Respublikasında izlənilən mühüm irəliləyişlərdən danışarkən bildirib ki, ölkə başçısı möhtərəm cənab Prezident tərəfindən təsdiqlənmiş Dövlət Proqramı çərçivəsində Naxçıvanda bank infrastrukturunun genişləndirilməsi bu inkişafın bariz nümunəsidir. O, çıxışının yekununda forum iştirakçılarına Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Daha sonra tədbir panel müzakirələri və dəyirmi masa sessiyası ilə davam edib.
Dəyirmi masa çərçivəsində “Muxtar respublikada mövcud iqtisadi reallıqlar və gələcək gözləntilər, regionda iqtisadi canlanmanın təşviqində bankların rolu” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev, ABA prezidenti Zakir Nuriyev və digər bank rəhbərləri iştirak edib. Muxtar respublikada fəaliyyət göstərən bankların əsas göstəricilərini əks etdirən infoqrafika təqdim olunub, həmçinin bank sektorunun inkişaf perspektivləri və bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Panel müzakirələrində isə muxtar respublikada fəaliyyət göstərən bank filiallarının rəhbərləri spiker qismində çıxış ediblər. Bununla yanaşı, universitet tələbə və müəllimləri üçün bank xidmətləri, rəqəmsal bankçılıq və banklarda karyera perspektivləri mövzusunda təqdimatlar keçirilib.