Xəbərlər

Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edir

25-05-2026

25 may 2026-cı il, Bakı: Azərbaycan Mərkəzi Bankı 2024–2026-cı illəri əhatə edən “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə sektorunda innovasiyaların təşviqi, rəqəmsal maliyyə xidmətlərinin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə tətbiq edilən xüsusi tənzimləmə rejimi innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinə imkan yaradır.

 

Xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə həllərinin növbəti sınaq mərhələsi üzrə müraciətlərin qəbulu 25 iyun 2026-cı il tarixində başlanılacaq və qəbul prosesi 25 avqust 2026-cı il tarixinədək davam edəcəkdir.

 

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsullarının sınağı Mərkəzi Bank ilə bağlanacaq müqavilə əsasında həyata keçiriləcəkdir.

 

Qeyd edək ki, xüsusi tənzimləmə rejimi çərçivəsində əvvəlki qəbul dövrlərində seçilmiş innovativ məhsullar üzrə sınaq layihələrinin icrası hazırda davam etdirilir. Sözügedən layihələr ödəniş xidmətləri, kapital bazarları və virtual aktivlərlə əlaqəli innovativ maliyyə həllərini əhatə edir.

 

Xüsusi tənzimləmə rejimində iştirak etmək istəyən şəxslər “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydaları”nın 4.2-ci bəndində nəzərdə tutulmuş sənəd və məlumatları müraciətlərin qəbulu başladıqdan sonra xüsusi sandbox.cbar.az veb-səhifəsi vasitəsilə Mərkəzi Banka təqdim edə bilərlər.