Xəbərlər

Taksonomiya Yol Xəritəsi Təşəbbüsünün tərəfdaşları London İqlim Fəaliyyəti Həftəsində bir araya gəlib

10-07-2026

10 iyul 2026-cı il, Bakı: COP29 zamanı Bakıda yaradılmış qlobal platforma olan Taksonomiya Yol Xəritəsi Təşəbbüsünün (Taxonomy Roadmap Initiative – TRI) tərəfdaşları və müşahidəçiləri London İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində davamlı maliyyə taksonomiyalarının gələcəyinə həsr olunmuş bir sıra işçi sessiyalarında bir araya gəlib. Taksonomiya Yol Xəritəsi Təşəbbüsü və Davamlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN) tərəfindən təşkil edilən müzakirələrdə TRI tərəfdaşları ilə yanaşı, COP30 və COP31 sədrliklərinin nümayəndələri, beynəlxalq təşkilatlar və bazar iştirakçıları iştirak edib.

 

Dünya Bankı Qrupunun ev sahibliyi etdiyi sessiyalar SBFN ilə tərəfdaşlıq çərçivəsində təşkil edilib. Tədbir Taksonomiya Yol Xəritəsi Təşəbbüsünün həyata keçirilməsi baxımından mühüm mərhələ idi. O, prioritetlərin uzlaşdırılması və ortaq fəaliyyət gündəliyinin inkişaf etdirilməsi məqsədilə dayanıqlı maliyyə taksonomiyaları sahəsində fəaliyyət göstərən aparıcı təşkilat və təşəbbüsləri bir araya gətirib.

 

İştirakçılar Təşəbbüsün fəaliyyəti istiqamətində mühüm təkamülü yenidən təsdiqlədilər – diqqət taksonomiyaların hazırlanması və qarşılıqlı fəaliyyətin təşviqindən onların praktik tətbiqinin dəstəklənməsi və ölçülə bilən nəticələrin əldə edilməsinə yönəlib. COP29-da başlayan və Belemdə keçirilən COP30-da Fəaliyyət Gündəliyinə daxil edilən Həllərin Sürətləndirilməsi Planı statusu qazanmış işlərə əsaslanaraq, tərəfdaşlar razılaşdılar ki, növbəti əsas prioritet ölkələrə milli çərçivələrin tətbiqi, kapitalın mobilizasiyası və real iqtisadiyyatda konkret nəticələrin nümayiş etdirilməsi vasitəsilə taksonomiyaları praktiki həyata keçirilməsinə dəstək verməkdən ibarətdir.

 

İştirakçılar həmçinin COP31 çərçivəsində Antalyada TRI-nin əsas nəticələrinin vahid paket şəklində təqdim olunması ilə bağlı baxışlarını bölüşüblər. Bu paketə Təşəbbüsün Qarşılıqlı Fəaliyyət Prinsipləri, tətbiq nümunələrinə xüsusi diqqət yetirən İllik Tərəqqi Hesabatı, Taksonomiyanın Effektivliyinin Özünüqiymətləndirmə Metodologiyası və Taksonomiya Xəritələndiricisi (Taxonomy Mapper) daxil olacaq. Bu nəticələr bir arada Təşəbbüsün ümumi prinsipləri və praktik alətlərin formalaşdırılmasından onların tətbiqinə dair sübutların yaradılması və təsirin ölçülməsi mərhələsinə keçidini nümayiş etdirəcək.

 

Sessiyalarda COP30 (Braziliya) və COP31 (Türkiyə) sədrliklərinin nümayəndələri, eləcə də Avstraliyanın Dayanıqlı Maliyyə Taksonomiyasına rəhbərlik edən ASFI iştirak edərək Təşəbbüsə dəstəklərini ifadə etdilər. Qeyd olundu ki, TRI-nin taksonomiya sahəsində fəaliyyəti Bakıdan Belemə Yol Xəritəsi və COP Fəaliyyət Gündəliyi çərçivəsində yer alır ki, bu da müxtəlif COP dövrləri arasında siyasi lövbər və institusional dayanıqlığı təmin edir. COP31-ə hazırlıq kontekstində Türkiyənin Dayanıqlı Maliyyə Taksonomiyasının hazırlanmasına rəhbərlik edən Türkiyə Respublikası Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin nümayəndəsi keçid maliyyələşdirilməsi və qarşılıqlı fəaliyyət üzrə daha strukturlaşdırılmış beynəlxalq dialoqu əhatə edən milli prioritetləri təqdim edib, həmçinin Türkiyənin Təşəbbüsü dəstəkləməyə və qlobal gündəliyi ölkə səviyyəsində praktik alətlərlə əlaqələndirməyə hazır olduğunu vurğulayıb.

 

Təşəbbüs COP31-in Antalyada keçirilməsinə qədər tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində bu nəticələrin hazırlanmasını davam etdirəcək. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrin dayanıqlı maliyyə taksonomiyalarını hazırlaması, tətbiq etməsi və təkmilləşdirməsi məqsədilə potensialın artırılması, texniki yardım və bilik mübadiləsinə daha geniş diqqət ayrılacaq.