Xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası təşkil olunub
21-10-2026
21 oktyabr 2026-cı il, Bakı: Mərkəzi Bank media nümayəndələrinin mərkəzi bankçılıq və maliyyə sektorunun gündəmində olan aktual mövzular üzrə bilik və məlumatlılığının artırılmasına yönəlmiş maarifləndirici təşəbbüslərini davam etdirir.
Bu çərçivədə media nümayəndələri üçün “Sığorta sektorunun maliyyə dayanıqlılığında rolu” mövzusunda növbəti məlumatlandırma sessiyası təşkil olunub.
Təlimdə Mərkəzi Bankın əməkdaşları tərəfindən sığortanın maliyyə sabitliyinin təmin edilməsində rolu, sığorta bazarının mövcud vəziyyəti və inkişaf tendensiyaları barədə ətraflı məlumat verilib. Sığorta sektorunda tənzimləmə və nəzarət sahəsində həyata keçirilmiş islahatlar, risklərin idarə edilməsi və sektorun inkişaf perspektivləri diqqətə çatdırılıb. Eyni zamanda sığorta sahəsində rəqəmsallaşma proseslərinin sürətlənməsi, süni intellekt və məlumat əsaslı texnologiyaların tətbiqinin genişlənməsi, fərdiləşdirilmiş sığorta məhsullarına artan maraq, eləcə də iqlim dəyişiklikləri ilə bağlı risklərin sığorta sektoruna təsiri kimi aktual qlobal tendensiyalara dair müzakirələr aparılıb.
İnteraktiv formatda baş tutan təlimdə media nümayəndələrinin mövzu üzrə sualları cavablandırılıb.
Təlimdə Mərkəzi Bankın maliyyə sektorunun müxtəlif sahələri üzrə media nümayəndələrinin məlumatlılığının artırılmasını, bununla da, aktual mövzuların daha dolğun və düzgün işıqlandırılmasını təşviq etdiyi vurğulanıb. Bu məqsədlə təşkil olunan məlumatlandırma sessiyaları media ilə peşəkar əməkdaşlığın gücləndirilməsinə, maliyyə sektorunda baş verən proseslərin mahiyyətinin daha dərindən anlaşılmasına, ictimaiyyətin etibarlı və dolğun məlumatlarla təmin olunmasına töhfə verdiyi qeyd olunub.
Mərkəzi Bank bu istiqamətdə maarifləndirici təşəbbüslərini bundan sonra da davam etdirəcək.
Dİgər xəbərlər