Xəbərlər

Mərkəzi Bank iş yerlərində maliyyə savadlılığı təlimləri keçirmişdir

10-01-2019

10 yanvar 2019-cu il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfi üzrə tədbirlərin icrasını davam etdirir. Bu strateji tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank tərəfindən 2018-ci ilin II yarısında bir sıra dövlət və özəl təşkilatların ümumilikdə 200-ə yaxın əməkdaşı üçün iş yerlərində maliyyə savadlılığı təlimləri keçirilmişdir.

Təlimlər zamanı büdcə planlaşdırılması, bank əməliyyatları, pul köçürmələri, pulun təhlükəsizlik elementləri, nağdsız ödənişlər mövzuları tədris olunmuş, Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilmişdir. Həmçinin, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə bu təşkilatların işçilərinə “Yığım” interaktiv oyunu keçirilmişdir.

Eyni zamanda, bu müddət ərzində pilot layihə kimi “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin 70-dən artıq üzvünə bank əməliyyatları, kredit, zaminlik və bank istehlakçılarının hüquqlarının qorunması mövzusunda təlimlər keçirilmiş, mövzular ətrafında müvafiq animasiyalar nümayiş etdirilmiş, müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Təlimlərdə iştirak etmiş əlil sahibkarlara öyrədici vəsaitlər və maarifləndirici materiallarla zəngin elektron məlumat daşıyıcıları paylanılmışdır.

Mərkəzi Bankın təşəbbüsü ilə maliyyə maarifləndirilməsi istiqamətində müxtəlif təlimlərin, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.