Xəbərlər
Mərkəzi Bankda 20 Yanvar Şəhidlərinin xatirəsi anıldı
20-01-2018
20 yanvar 2018, Bakı: Müstəqillik tariximizin qanlı, lakin ən şərəfli səhifələrindən biri olan 20 yanvar faciəsinin 28-ci ilini xalqımız – bütün dünya azərbaycanlıları ötən illərdə olduğu kimi bu il də milli azadlıq rəmzi kimi şərəflə qeyd edir. Mərkəzi Bankın kollektivi də şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, müqəddəs ruhlarına sonsuz ehtiramını bildirir.
1990-cı ilin qanlı yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.
Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləmiş, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmişdir. Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi və onun quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyaları reallığa çevrildi.
Bu siyasət ümummilli liderin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirilir. XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş milli iqtisadiyyatımız dinamika, stabillik və dayanıqlıq nümayiş etdirmişdir. Hələ müstəqillik uğrunda ilk mübarizələr zamanı Azərbaycanın suveren, siyasi, sosial-iqtisadi cəhətdən güclü bir dövlətə çevrilməsi bir arzu idisə, bu gün müasir dünya arenasında tanınan, söz sahibi olan dövlətçiliyimiz artıq bariz reallıqdır.
Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq toplanmış maliyyə-iqtisadi potensial sayəsində Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslərə rəğmən dayanıqlıq nümayiş etdirir, inkişafını davam etdirir, xalqın rifahı günü-gündən yaxşılaşır.
Faciə qurbanlarının xatirəsinin anılması məqsədi ilə Mərkəzi Bankın rəhbərliyi və kollektivi hər il Şəhidlər xiyabanını ziyarət edir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Dİgər xəbərlər
01-10-2026
Mərkəzi Bakın məlumatı